Dubayın görməli yerləri
BƏƏ-nin ən böyük şəhərlərindən olan Dubay ildən-ilə dəyişərək hər kəsi təəccübləndirməyə davam edir. Bu gün Dubay Yaxın Şərqin ən böyük ticarət,maliyyə və turizm mərkəzi hesab olunur.Şəhərdə iki dəniz limanı, bir neçə avtobus terminalları, iki böyük beynəlxalq hava limanı və geniş avtobus şəbəkəsi var. 2009 -cu ilin Sentyabrın 9 Dubay Metropoliteni açılıb. 2012-ci ildən su tramvayı faliyyət göstərir. Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar. Bu gün də Dubay dünya miqyasında nəhəng alış-veriş və ticarət mərkəzi kimi diqqət çəkməkdə davam edir. Ənənəvi ərəb bazarlarından tutmuş, son dəb mağazalara qədər hər yerdə qızğın alver gedir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib.
Dubayın gəzməli görməli yerləri çoxdur.Onlardan ən məşhuru və turist axını çox olanlar aşağıdakılardır:
Bürc Xəlifə və ya Bürc Dubay
Göydələn 2008-ci ildə inşa edilib. Dünyada indiyədək inşa edilmiş ən yüksək binadır. 162 mərtəbəli binanın hündürlüyü 828 metrdir.Binada saniyədə 18 metr sürətlə hərəkət edən 50 lift var. Dörd kateqoriya üzrə yüksəkliyinə, hündürlüyünə, hündür damına və binanın çoxmərtəbəli olmasına görə dünyada birinci hesab edilir.122-ci mərtəbə dəbdəbəli restoran "Atmosfer" yerləşir.Burda ziyarətçilər özünü buludların arasında nahar etmiş kimi hiss edirlər.
Musiqili Dubay Fəvvarəsi
Bürc Xəlifə yanında yerləşən musiqili fəvvarə. Dünyanın ən böyük və ən yüksək fəvvarələrindən biri. Hündürlüyü 150 metrə qədər çatır.Hər axşam saat 18:30- dan etibarən başlayan şounu izləməkdən ötrü şəhər sakinləri və bütün qonaqlar buraya axın edirlər.Əsasən ərəb melodiyaları altında göyqurşağının müxtəlif rəngləri ilə fışqıran fəvvarə hər kəsi heyran edir.
Xizək Kompleks "Ski Dubai"
Kompleks "Moll Emirate" ticarət mərkəzində yerləşir.Dünyadakı ən böyük qapalı qış idman-əyləncə mərkəzlərinə meydan oxuyan bu qurğu Yaxın Şərqin ilk Qış İdman Kompleksidir. Süni qar örtüyü ilə təchiz olunan kompleks 3 futbol meydanı böyüklüyündədir. İçəridə temperatur -2, -4 dərəcə arasında dəyişir. Eyni anda bura 1500 ziyarətçi daxil ola bilər.Burda pinqvinlərə belə rast gələ bilərsiz.
Bürc Əl Ərəb
Yelkənlər formasında, dünyanın ən lüks mehmanxanalarından biri.Ərəb dənizinin sahilində, Cümeyra rayonunda yerləşir. Otelin ərazisinə daxil olmaq qadağandır. Sadəcə, müştərilər girə bilərlər. Özünün yüksək səviyyəli xidməti ilə bütün dünyada məşhurdur.Rəsmi olaraq otel 5 ulduz olsa da, dünyada yeganə oteldir ki, onu çox vaxt 7 ulduzlu otel adlandırırlar.
Akvapark Wild Wadi
Ekstrimi sevənlər üçün bu park ən yaxşı əyləncələrini təklif edəcək.Bu kompleksin ərazisində 30 möhtəşəm su atraksionları var.Cümeyrada Bürc Xəlifə yaxınlığında yerləşən akvapark orta əsrlər ərəb üslubunda tikilib.
Palma adaları
Üç hissədən ibarət süni adalar zənciri belə adlanır - Cumeyra, Cəbəl Əli və Deyra. Birinci adada Yaxın Şərqdə ilk monorels nəqliyyat vasitəsi istifadəyə verilib. Bu, Dubayda ən məşhur layihələrdəndir. Sahilboyu 120 km məsafəni əhatə edən bu məkanı daşınmaz əmlak almaq istəyənlərin üz tutduğu ən populyar yer kimi qələmə vermək olar. 1-4 otaqlı mənzillərdən, pentauzlardan, villalar- dan və su üzərindəki evlərdən, çox sayda ticarət və alış- veriş mərkəzlərindən ibarətdir. Bura 7 milyardlıq büdcəsi ilə dünyanı heyrətə salan unikal inşaat layihələrinin siyahısında göstərilir.
Ticarət mərkəzi The Dubai Mall
2008-ci ildə açılan ticarət mərkəzi ən iri və ən çox ziyarət olunan yerlərdən biridir.Burada ziyarətçiləri 150 restoran,buz meydançası,böyük tematik park, akvarium və sualtı park gözləyir.Burda siz hətta yorulduqdan sonra xüsusi yuxu kapsulalarında yata da bilərsiz.Dubai Mall-da butik və show room açmağı bütün dünya brendləri mütləq bilir.
Bastakiya
Bar-Dubayın qədim hissəsi belə adlanır. Şəhər muzeyi ilə sahil buxtası ərazisində Musalla küçəsində yerləşir. Buradakı binaların əksəriyyəti XIX əsrin sonu - XX ərsin əvvəllərində inşa edilib. Vaxtilə ərazidə İrandan gəlmə tacirlər məskən salarmış. Kvartalın adı da elə farsca Bastak kəlməsindən irəli gəlir ki, bu, İranda həmin tacirlərin olduğu əyalətin adıdır.Müasir məhəllələrdən fərqli olaraq, Bastakiya ənənəvi ərəb kolaritini saxladı. Sahə tipik daş evlərlə qurulmuş, ağac və gips ilə bəzədilmişdir. Suvenir mağazalar, kafe və antik mağazalar binaların birinci mərtəbələrində yerləşir.
Qızıl Bazarı
Burda müxtəlif zinət əşyaları və qiymətli metallardan hazırlanan digər əşyalar satılır.Onun çeşidi o qədər genişdir ki, Şərqdəki bütün oxşar bazarları üstələyir. Müştərinin istəyi ilə zərgər istənilən zərgərlik əşyalarını fərdi ölçülərə uyğunlaşdıracaq. Bazarda bazarlıq etmək adətdir, bəzən ilkin dəyəri 30-50% azaldıla bilər.
Cümeyra Məscidi
Fatimid dövrünün memarlıq üslubunda bəzədilmiş 1979-cu ilin müasir məscidi. Tikintisindən bəri BƏƏ-nin ən mənzərəli yerlərindən biri hesab olunur. 1300 nəfərlik məscidin yerləşdiyi məscidin bazasında İslam mədəniyyət mərkəzi yerləşir. Yaxın Şərqdəki bir çox müsəlman ibadətgahından fərqli olaraq, başqa bir dinin nümayəndəsi binanın zəngin bəzəyini görmək üçün Jumeirah'a gedə bilər.